საერთო ცხელი ხაზი +995 577 07 05 63
Məndən gürcü auditoriyası üçün Azərbaycan haqqında rəy yazısı yazmağımı xahiş edəndə əvvəlcə çoxlu tərəddüd etdim. Azərbaycanın müasir həyatının və siyasətinin hansı aspektləri, xüsusən də qarşıdan gələn seçkilər fonunda gürcülər üçün maraq oyada bilər? Çox keçmədi ki, cavab, tezliklə aydın oldu. Əsas məsələ bir mövzu ətrafında cərəyan edir: mümkün siyasət sərhədlərinin aşınması.
Azərbaycanda insanlar azadlıqlarını tədricən itirdi - bu, son on ildə Gürcüstanın gündəlik həyatının kəskin parçasıdır. Tədricən baş verən aşınmaya baxmayaraq, necə oldusa, Gürcüstan illiberalizmə sürüşmənin ənənəvi nümunəsinə çevrildi. Azərbaycan isə əvvəldən avtoritar olaraq səciyyələndirilirdi. Bu səciyyələndirmə Azərbaycanda siyasi məkanın kompleks təkamülünü çox sadələşdirir. Azərbaycanda azadlığın itirilməsi, siyasi məkanın kiçilməsi tədricən baş verən bir proses idi. Sadəcə 20-30 il əvvələ qayıdaraq bu prosesin inkişafını yenidən qura bilərik. Hətta 15 il əvvəl vəziyyət kökündən fərqli idi.
Gürcülərin azərbaycanlı qonşularının nöqsanlarından öyrənə biləcəyi bir dərs yüksələn avtoritarizmin qarşısında dözümlülüyün əhəmiyyətidir. Bu yazıda mən Azərbaycan və Gürcüstanda azadlıqların tədricən aşınmsası prosesinin oxşar cəhətlərini vurğulayacam. Bu vasitəylə Gürcüstan vətəndaşlarının ölkələrində baş verən prosesə qeyri-ciddi yanaşmamasına, uçuruma doğru sürüşmənin başlamasını görmələrinə və buna qarşı hərəkətə keçmələrinə nail olmağa ümid edirəm.
Sovet İttifaqının dağılmasından sonra Azərbaycan çox xaotik vəziyyətə düşdü: Ermənistanla müharibə, işğal, məcburi köçkünlər, çevrilişlər, etnik azlıqlar (talış və ləzgilər) arasında siyasi qiyamlar, mütəşəkkil cinayətkarlıq, dövlət institutlarının aşınması, və yoxsulluq və s.
Bu qeyri-sabitlik dövrü keçmiş DTK rəhbəri və Sovet Siyasi Bürosunun üzvü olan keçmiş prezident Heydər Əliyevə hakimiyyətə gəlməyə yol açdı. Onun hakimiyyətə gəlişi Azərbaycanın qısa, təlatümlü olsa da, nisbi azadlıq dövrünün sonunun başlanğıcından xəbər verirdi. Onun hakimiyyəti Perestroyka və Sovet İttifaqının dağılmasından sonra əldə edilən azadlıqların tədricən aşınması ilə nəticələndi. Sabitlik və təhlükəsizliyin təmin edilməsi şüarı altında - onun oğlu prezident İlham Əliyevin dövründə də davam edən bir yanaşma - vətəndaş azadlıqları sistematik şəkildə məhdudlaşdırıldı.
Bu narrativ Gürcüstanda Bidzina İvanişvilinin son ritorikasına çox bənzəyir. Bugünün seçki müzakirələri sabitliyin qorunması, “Gürcü Arzusu”nu “Qlobal Müharibə Partiyası” adlandırdıqları partiyaya qarşı mövqe tutması fonunda keçir. Təhlükəsizlik diskursundan sui-istifadəsinə cəhd etmək və özünü sülh və sabitliyin yeganə təmsilçisi kimi təqdim etmək avtoritar rejimlərin klassik taktikasıdır. Xarici agentlərə qarşı qanunlar guya təhlükəsizliyə təhdidlərlə əsaslandırılır, sərhədlərin bağlanması sabitlik üçün zəruri hesab edilir[1] (Azərbaycanda) və LGBT əleyhinə qanunlar ənənəvi dəyərləri və onlarla birlikdə təhlükə altında olan dünya nizamını qorumağa cəhd kimi göstərilir və beləcə artan siyasi homofobiya gizlədilir. Bugünkü siyasətdə şahidi olduğumuz şey gündəlik həyatımızın demək olar ki, hər bir aspektinin “təhlükəsizləşdirilməsi” cəhdləridir.
Sülh və sabitliyin qorunması ilə yanaşı, avtoritarizmi doğuran digər mühüm amil iqtisadi məsələ idi. Azərbaycanın neft gəlirlərindən asılı olması onun siyasi mühitinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Mərkəzi dövlət aparatı neft rentalarından kifayət qədər vəsait alan kimi Azərbaycanda azadlıqların tədricən aşınması başladı. Bu, 2010-cu illərin əvvəllərinə təsadüf edirdi.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verildikdən sonra əhəmiyyətli gəlirlər gətirməyə başladı. O vaxtdan bəri Azərbaycan iqtisadiyyatı daha çox neft və qaz ticarətindən əldə olunan renta gəlirlərinə arxalanır. Avropa İttifaqı (Aİ) Azərbaycanın ən böyük ticari tərəfdaşıdır və Azərbaycanın ümumi ticarətinin 50%-dən çoxu və başda neft və qaz olmaqla, ixracatının 64%-i, Aİ-nin payına düşür. Neft gəlirlərinin bu yüksək artımı bu gəlirləri mərkəzləşdirən və sərvəti yenidən bölüşdürən xüsusi bir lider tərəfindən idarə olunmasına imkan yaradır. Belə bir mövqe Əliyevə əsl diktator olmağa, onun rejimini dəstəkləyən, sadiq və konsolidasiya edilmiş və tam asılı elitalardan ibarət öz “sülalə”sini yaratmağa imkan verdi.
Eynilə, qalıq yanacaqların, enerjinin və yüklərin tranzitindən əldə edilən gəlirlərə əsaslanan iqtisadiyyata üstünlük vermək İvanişvilinin sürətli və əhəmiyyətli maliyyə resurslarına çıxışını daha da artıracaq. Orta Dəhliz vasitəsilə Çindən Avropaya malların daşınmasını asanlaşdıracaq Poti və Anaklia limanları kimi layihələrə investisiyalar; Xəzər dənizi hövzəsindən mədən yanacaqlarının Avropaya tranzitini təmin edən Cənub Qaz Dəhlizi və Cənubi Qafqazdan Avropaya yaşıl enerjinin çatdırılmasına imkan verəcək sualtı elektrik kabeli layihəsi asanlıqla əldə edilən renta gəlirləri ətrafında qurulmuş iqtisadiyyatın nümunələridir.
Bu inkişaf tendensiyalarında da nəzərəçarpacaq oxşarlıqlar var. Bir oliqarxın bütöv bir ölkəyə nəzarət etməsi anlayışı gürcülərə yad deyil. “Azadlıq” radiosunun 2015-ci il məlumatına görə, İvanişvilinin Gürcüstan ÜDM-nin 35%-nə sahib olduğu bildirilir. Gürcüstanın siyasi mənzərəsi çoxsaylı oliqarxların və ya əsas oyunçuların mövcudluğuna işarə etsə də, son illər “Gürcüstan Arzusu” bayrağı ətrafında birləşmiş, İvanişvilidən asılı və onun gücünü konsolidasiya edən bir elitanın varlığını göstərdi. Böyük hissəsi korrupsiya yolu ilə sovrulan neftdən külli miqdarda sərvət toplayan Azərbaycandan fərqli olaraq, Gürcüstan hüquqi dövlətə çevrilmək yolunda fərqli bir trayektoriya keçib. Buna baxmayaraq, Gürcüstanda da oxşar bir nəticəyə gəlib çıxdı: dövlətin şəxsi mülk kimi istismar olunmasına.
Gürcüstanda kasıblara yox, zənginlərə üstünlük verən idarəetmə əvvəlki administrasiyalardan qalan mirasdır. Saakaşvili hökuməti dövründə oliqarxlar üçün əlverişli olan iqtisadi siyasətlər, məsələn, sabit vergi və liberal iqtisadiyyat modeli tətbiq olunurdu. Baxmayaraq ki, 2017-ci il konstitusiya dəyişiklikləri zamanı “Gürcü Arzusu” bu siyasi modeli dəyişmək imkanı əldə etdiyinə baxmayaraq onlar bu siyasi modeli saxlamağa üstünlük verdilər. Zaman keçdikcə biz parlament tərəfindən oliqarxların, xüsusən də İvanişvilinin xeyrinə olan qanunvericilik layihələrinin necə qəbul edildiyini müşahidə etdik – bunlardan ən sonuncusu Gürcüstanı “vergi cənnəti”nə çevirən, İvanişvilinin sanksiyalardan yayınmasına kömək edən qanun oldu. Bu cür siyasi layihələr yalnız oliqarxların və zəngin elitanın gücünün gücləndirilməsinə xidmət edib, eyni zamanda ümumi əhalinin rifahını aşağı salıb.
Bu oxşarlıqlara baxmayaraq, Gürcüstan və Azərbaycanın dövlət strukturlarında, xüsusən də repressiya imkanlarında mühüm fərqlər var. Azərbaycanın neft sərvəti müxalifəti sıxışdırmağa qadir olan güclü dövlət aparatına təkan verib ki, bu da Gürcüstan hökumətində yoxdur.
2010-cu illərin əvvəllərində neftin qlobal qiymətinin aşağı düşməsi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı sərt repressiyalara səbəb oldu. Neft gəlirlərinin itkisi ərəb üsyanları və Avromaydandan sonra dünya miqyasında vətəndaş cəmiyyətlərinin “rəngli inqilablar”da iştirak etməkdə ittiham edildiyi bir zamanda baş verdi. Nisbətən azad və rəqabətli siyasi sfera neft gəlirləri hesabına gücünü qoruyan bir rejim üçün dərhal təhlükəyə çevrildi.
Azərbaycanda siyasi azadlıqların geriləməsi konstitusiya dəyişikliklərində də özünü əks etdirdi. Azərbaycan konstitusiyasına ilk düzəliş 2002-ci ildə olub, proporsional seçki sistemi majoritar seçki sistemi ilə əvəz edilib. Bundan əlavə, əhəmiyyətli dəyişiklik prezidentin səlahiyyətlərini itirdiyi təqdirdə prezident səlahiyyətlərini parlamentin rəhbəri deyil, baş nazirin üzərinə götürməsini nəzərdə tuturdu. Bu dəyişiklik mərhum prezident Heydər Əliyev hakimiyyətdə olduğu vaxt (o, 2003-cü ildə vəfat edib), oğlu İlham Əliyev baş nazir vəzifəsində çalışarkən həyata keçirilib. Bu cür addımlar o zamanlar elitanın dəstəyini tələb edirdi. 2009 və 2016-cı illərdə edilən sonrakı düzəlişlər prezidenin əlində səlahiyyətləri daha da cəmləşdirdi, o cümlədən prezident olmaq üçün olan say məhdudiyyəti aradan qaldırıldı və yeni vitse prezident vəzifəsi təsis olundu, bu rolu isə prezidentin həyat yoldaşı Mehriban Əliyeva icra etməyə başladı. Bu dəyişikliklər Azərbaycanı tədricən qarışıq idarəetmə sistemindən super-prezident respublikasına çevirdi.
Gürcüstan da hakimiyyət bölgüsünün tədricən aradan qalxmasını yaşadı. 2018-ci ildə yeni konstitusiyanın qəbulu ilə Ali Məhkəmənin “doldurulması baş verdi”; hakimlərin sayı 16-dan 28-ə yüksəldi, "Gürcü Arzusu" 20 yeni hakim təyin etdi, həmin vaxt isə yalnız səkkiz daimi hakim var idi. Bundan başqa, Konstitusiya Məhkəməsində hökmranlıq etmək və onun müstəqilliyinə xələl gətirmək üçün müxtəlif taktikalardan istifadə edilmişdir. Əlavə olaraq parlamentdəki çoxluq “Gürcü Arzusu”na digər qollardan faktiki olaraq bütün hesabatlılıq mexanizmlərini aradan qaldırmağa və beləliklə, sadə səs çoxluğu sistemi vasitəsilə qanunvericilik qərarlarına tam nəzarət etməyə imkan verdi.
Bu hadisələrin müqayisəli icmalı aydın mənzərəni təqdim edir, akademik ədəbiyyatda demokratik tənəzzül kimi bilinən bir fenomeni. Ədəbiyyat tənəzzülün iki növünü fərqləndirir: avtokratik geriləmə və konstitusional zəifləmə. Azərbaycanın hazırkı vəziyyəti və keçdiyi tarixi yol Gürcüstana getdiyi istiqamət barədə nümunə olmalıdır. Bu istiqamət, dəyişikliklərin çox sürətli olduğu və az demokratik institutların tamamilə tənəzzül etməsinə səbəb ola bilən avtokratik geriləmədir. Son 10 il ərzində Gürcüstanda siyasi rəqabət və qanunun aliliyi, həm inzibati, həm də məhkəmə, o cümlədən siyasi söz və toplaşma ilə bağlı azadlıqlarda geriləmə müşahidə olunub ki, bu da yavaş, lakin davamlı konstitusional zəifləmənin göstəricisidir. Növbəti hədəflər artıq söz azadlığı və assosiasiya azadlığıdır. Bu azadlıqların məhdudlaşdırılması istiqamətində ilk addımlar “Xarici agentlər haqqında qanun”un qəbulu ilə atılıb və əgər “Gürcü arzusu” qarşıdan gələn seçkilərdə qalib gələrsə, onlar siyasi diskurs və assosiasiyalara nəzarəti daha da gücləndirməyə hazırdırlar.
Avtoritar daxili siyasətə doğru bu dönüş xarici siyasətdəki transformasiyalarla paralel aparılmışdır. Məsələn, Azərbaycan onilliklər ərzində xarici əlaqələrə balanslı yanaşma tərzini qoruyub, Rusiya və Qərblə yaxınlaşma arasında diqqətlə hərəkət edib. Lakin bu strategiya 2020-ci ildə Qarabağda baş verən münaqişə və ardınca Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kəskin şəkildə dəyişdi. Sonradan Azərbaycanın Avropa İttifaqı ilə neft ticarətindən iqtisadi asılılığına və Rusiyadan minimal iqtisadi asılılığa baxmayaraq, anti-Qərb ritorikası getdikcə daha qabarıq şəkildə özünü büruzə verməyə başladı. Belə görünür ki, avtoritar rejimlərlə simvolik uyğunlaşma xarici siyasət istiqamətindəki bu nəzərəçarpacaq dəyişiklikdə fundamental rol oynayır.
Belə görünür ki, Gürcüstan da oxşar trayektoriyaya yönəlib. Tarixən Azərbaycandan fərqli olaraq, Gürcüstan Qərbə doğru güclü oriyentasiyasını qoruyub saxlayıb və son olaraq bu siyasət Aİ-yə namizəd statusunun əldə olunması ilə nəticələnib. Lakin, bütün gözləntilərə baxmayaraq hakim partiya olan “Gürcü Arzusu” açıq-aşkar anti-Qərb ritorikası ilə bu statusu riskə atdı. Buna guya bütün dünyada müxtəlif siyasətçiləri, xüsusilə Gürcüstan müxalifətini idarə edən, “Qlobal Müharibə Partiyası” adlanan konspirasiya nəzəriyyəsinin ixtirası və bu nəzəriyyə ilə obsessiyada olmaq da aiddir. Guya Ukraynadakı müharibəyə görə Rusiya deyil, bu “partiya” məsuliyyət daşıyır və “ikinci cəbhənin açılması” ilə Gürcüstanı müharibəyə sürükləməyə çalışırlar. Tədricən “Gürcü Arzusu” Rusiya ilə münasibətlərin istiləşməsinin müxtəlif əlamətlərini, məsələn, birbaşa uçuşların bərpası, aqressiv ritorikanın deeskalasiyası və ticarətin əhəmiyyətli dərəcədə artması kimi əlamətləri nümayiş etdirir. Bununla belə, Gürcüstanın trayektoriyası təkcə Rusiyaya deyil, daha geniş şəkildə avtoritar dövlətlərə doğru uzanır, bu da hakimiyyəti möhkəm saxlamaq üçün simvolik əhəmiyyət kəsb edir, məsələn, Çinlə iqtisadi əlaqələrini gücləndirilir.
Bu kontekstdə Azərbaycanın “Gürcü Arzusu”na davamlı dəstəyini vurğulamaq da yerinə düşər. Son hadisələrə Gürcüstandakı etnik azərbaycanlıların “Gürcü Arzusu”nun lehinə səs verməsinə təsir etmək məqsədi daşıyan məqalələrin yazılması və Bolnisidə ictimai çıxışlarda partiyanı müdafiə edən azərbaycanlı məmurların əks olunduğu sosial şəbəkələrdə yayılan videolar daxildir. Aydın olur ki, İvanişvili və Gürcüstan Arzusunun Çin, Türkiyə, Azərbaycan və Rusiya kimi avtoritar rejimlər ehtiyacı olduğu qədər, Azərbaycanın da Gürcüstanın avtoritarlaşmasına ehtiyacı var.
Buna baxmayaraq, son qərar, demokratiyanın sonuncu və çox vaxt gözdən qaçan sütunu, Gürcüstan xalqının üzərinə düşür. Lakin, əsas çətinlik də davam etməkdədir. Gürcüstan xalqı “Gürcüstan Arzusu”nun “Qlobal Müharibə Partiyası”na və “ənənəvi dəyərlər”ə fokuslanan populist ritorikasının təsiri altına düşməkdədir. Bu Azərbaycandakı vəziyyət ilə oxşarlıq təşkil edir. Azərbaycanda da on illər ərzində vətəndaşlar revanişt və populist ritorikanın təsiri altına düşmüşlər. Bu cür təsirlər 2020-ci ildə İkinci Qarabağ Müharibəsinə gətirib çıxardı və bugün özünü “stabilliyi və düşmənlərlə mübarizə”ni təmin edən diskurs formasında göstərir. Nəticə etibarı ilə azadlıqlar və sosial-iqtisadi vəziyyət tənəzzüldə, “millətin qüdrəti” barədə ruhlarımızı və həyatlarımızı zəhərləyən isti yalanlar isə yüksəlişdədir.
[1] Azərbaycanın quru sərhədləri 2020-ci ildən bəri COVID-19 pandemiyası ilə əlaqədar bağlıdır.
Təlimat