საერთო ცხელი ხაზი +995 577 07 05 63
1988-ci ilin payızında, hələ Tbilisidə, sonra isə bütün Gürcüstanda etiraz aksiyaları dalğasının yüksəldiyi bir dövrdə, hansı ki müasir Gürcüstanın kollektiv yaddaşına “Milli- Azadlıq Hərəkatı” adı ilə daxil olmuşdur, yeni bir şüar yarandı – “Dil, Yurd, Din”. Bu şüar nəinki həmin hərəkatın, hətta yeni Gürcüstanın əsas identifikasiya düsturuna da çevrildi. Adı çəkilən şüarın yaranması və onun dərki-interpretasiyasına toxunmazdan əvvəl, şüarın orijinalına, yəni şüarın qaynağına - İlya Çavçavadzenin düşüncələrinə nəzər salaq.
1860-cı ildə, 23 yaşlı İlya Çavçavadze “Tsiskari” jurnalında özünün, “Knyaz Revaz Şalvoviç Eristavinin Kozlovun “Sərsəm”-inin tərcüməsi ilə bağlı ikicə kəlmə” başlıqlı ilk publisistik məqaləsini dərc etdi. Məqalə polemik xarakterli idi və o, əsasən, gürcü dilinin o vaxtkı vəziyyətilə bağlıydı. Məqalənin sonuna doğru İlya heyfslənərək vurğulayırdı ki: “Ata-babalarımızdan üç ilahi xəzinə qalıb bizə: Yurd, Dil və Din. Bunlara sahib çıxmasaq necə bir insan olarıq, törəmələrimizə nə cavab verərik? Başqası necə bilmirəm, ancaq biz doğma dilimizi yerlə-yeksan etməyi heç doğma atamıza belə qoymarıq. Dil ilahi bir varlıqdır, ümumi mülkiyyətdir, insanın günahkar əli ona toxunmamalıdır.“
Qeyd etmək gərəkdir ki, nə o vaxt, nə də İlyanın fəaliyyəti müddətincə, nə oxucu, nə də şəxsən İlyanın özü, bü üç kəlməni, döyüş devizi kimi qavramayıb.
İlya Çavçavadzenin həm ədəbi, həm praktiki fəaliyyətinin başlıca predmeti, gürcüləri birləşdirən bir məfhum kimi Yurd istilahını yaratmaq idi. Məhz İlya Çavçavadzenin böyük zəhməti bahasına bu istilah vətən, bütün Gürcüstan məzmununu, yəni o vaxtları siyasi və coğrafi cəhətdən mövcud olmayan bir ölkənin məzmununu daşımağa başlamışdır. İlya bununla, ilk növbədə, məhv və silinmə təhlükəsi altında qalmış, dövlətçiliyi, kilsəsi, millət kimi heç bir atributu olmayan xalqdan, nəzəri və konseptual olaraq, gürcü millətini yaratmışdır. İlya və onun həmfikirləri vasitəsilə gürcüləri birləşdirəcək yeni məfhumlar və mədəni rəmzlər yaranmışdır. Həmin məfhumlar və rəmzlər sonradan müasir gürcünün milli təfəkkürünün fundamentinə çevrildi. Fundamentin özü gürcü və Gürcüstanın izahının üzərində dayanır, həmin izahsa İlyadan sonra dəfələrlə dəyişdirildi və bəzi hallarda İlyanın versiyasından, mahiyyəti və canatmaları baxımından, tanınmayacaq dərəcədə uzaq da düşdü.
Milliyyətçilik dövrü olaraq da adlandırılan XIX əsrdə, Avropa və bütün dünyada millətin, milliyyətin yeni konsepsiyaları peyda olurdu. Həmin konsepsiyalara görə hər hansı bir xalq öz identliyini yaratmalı idi. Fransızlar və ya 1870-ci ildə birləşmiş almanlar və ya britaniyalılar üçün öz milli identlikləri özlərinin dövlətçiliyi və imperialist canatmaları ilə əlaqəli idisə, dünya xalqlarının əksəriyyəti millət kimi formalaşmağa imperiya-müstəmləkə şəraitində başlamalı olurdu. Beləliklə, onların birliyini fərqli amillər şərtləndirirdi. 1877-1878-ci illərin Rusiya-Osmanlı müharibəsindən sonra, Rusiya imperiyasının gürcülərlə məskunlaşmış iki quberniyasına Acarıstan da əlavə edildi, o dörd əsrdən çox Osmanlının tərkibində idi. Məhz bu anda İlya Çavçavadze öz proqram ediləcək məktubunu “Osmanlının Gürcüstanı”-nı yazır. Məktubda millətin tamamilə yeni, sekulyar və gürcü reallığına uyğun tərifini yaradır: „Nə dilin birliyi, nə dinin və nəsil-tayfa birliyi tarixin birliyi qədər insanları bir-birinə bağlaya bilmir. Bir yerə töhfə verən, bir tarixi boyunduruğa qoşulan, bir yerdə döyüşən, eyni dar və xoş gündən keçən millət – həmrəyliklə, sədaqətliklə güclüdür.“ İlya Çavçavadzenin gətirdiyi millət anlayışı, tarixən formalaşmış, içindəki bütün ayrıca amillərin, o cümlədən, dilin, dinin, nəsilin, kökün ikinci dərəcəli olduğu birlik tərifi belədir. Bu konsepsiyada millət etnosdan yəni tayfalılıqdan, qan birliyindən üstündür; dildən üstündür, çünki gürcülər, ədəbi dilinin üstünlüyünə baxmayaraq, müxtəlif dillərdə danışırlar; Dindən üstündür, çünki gürcülər bir çox dinə etiqad edən millətdir, yəni din artıq identliyi müəyyənləşdirən deyildir. Klassik sekulyar konsepsiyaya görə yeganə müqəddəs və sakral olan şey Yurddur. Yurd isə bütün öz övladlarını bir millət kimi birləşdirir.
Gürcü millətinin ilk tərifi belədir, onun müəllifi – İlya Çavçavadze isə öz həyatındaca “Millət atası” epiteti ilə təltif edildi. 1937-ci ildə Sovet hakimiyyəti İlyanın 100 illik yubileyini qeyd etdi və bununla İlya Çavçavadze kultunun əsasını qoydu, bu isə Gürcüstanın şəhərləri və kəndlərindəki küçələrinə, meydanlara, bağça və ictimai müəssisələrə İlya Çavçavadzenin adını verməyi, ona heykəllərin ucaldılmasını nəzərdə tuturdu. İlyanın düşüncələrinin interpretasiyası isə Dövlət işinə çevrildi, yəni o ideoloji narrasiyayla bütövləşdi və, beləliklə, onun izahı və tədrisi ideoloji nəzarətin tabeçiliyinə keçdi. 50 ildən sonra, 1987-ci ildə, kilsənin hələ də Sovet Dövlət Təhlükəsizliyi Komitəsi və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi nəzarəti altında olduğu bir dövrdə, Gürcüstan Provoslav Kilsəsi İlya Çavçavadzeni müqəddəs elan etdi və ona İlya Martali (Haqlı İlya) adını verdi. Bununla ilk gürcü sekulyar layihəsinin müəllifinin sakral bənzəri yaradıldı. İlyanın bu yeni obrazında milli və dini bir-birinə qovuşdu. Bunu isə 1980-ci illərin sonuna doğru meydana çıxmış “Milli hərəkat” ucaltdı. İlya Çavçavadzenin ilk publikasiyasından çıxarılmış və dəyişidirilmiş bu ifadə - “Dil, Yurd, Din” Milli hərəkatın əsas şüarına çevrildi və o, Sovetlərin “Bütün dünya proletarları birləşin!“ – şüarını əvəz etdi.
Bu, bir tərəfdən məsum əvəzetmənin öz nəticələri vardı: 1980-ci illərin sonunda etno-milliyyətçilik, özünün ekstremal təzahüratları ilə birlikdə, Gürcüstanda dominant ideologiyaya çevrildi. Məsələn „Genetik gürcü“ və „Genetik provoslav“ kimi tamamilə ultramiliyyətçi konsepsiyalar bu qəbildəndir. İlyanın layihəsi tayfalara ayrılmış və dini cəhətdən birmənalı olmayan gürcülərin birləşdirici amilinin yaradılmasını nəzərdə tuturdu, gürcü məfkurəsini dar etnik-dini çərçivələrdən çıxarır və genişlədirdi, XX əsrin sonunda İlyanın öz sözləri ilə yaradılmış şüarsa İlyanın özünün Gürcüstan və gürcü məfkurəsinin parçalayıcısı və darlaşdırıcısı oldu. Beləliklə, bu cür darlaşdırılmış təfəkkür etnik və dini münaqişələrə münbit zəmin yaratdı. İlya Çavçavadzenin özü isə, və yaxud onun bənzəri, etnik və dini miliyyətçiliyin rəmzinə, siyasi demaqoqlar və təbliğatçıların əlində daima sui-istifadə edilən bir alətə çevrildi.
2024 -cü ilin aprelində, rus qanuna etiraz edən gənclər cürət edərək İlyanın tərtib etdiyi həmin şüarı yenidən quraşdırdılar: „Dil, Yurd, Birlik“, bu hakim “Gürcü arzusu” partiyasının yüksəkrütbəlilərinin və onların təbliğatçılarının böyük səs-küyünə səbəb oldu. “Gürcü arzusu” bu şüarı özlərinə xas olan demaqoqluqla təqib etməyə başladılar və özlərini İlya və din keşikçiləri kimi qələmə verdilər. Əslində isə, fövqəldini və fövqəltayfaçı birlik gürcü millətinin İlyaya xas olan konsepsiyasının əsas prinsipidir. Beləki, yeni versiya „Dil, Yurd, Birlik” mayihhət etibarı ilə, “Gürcü arzusunun” parçalayıcı və nifaq toxumları səpən təbliğatının əksinə, İlya Çavçavadzenin düşüncələrinə qayıtmaq, onu müasirləşdirmək deməkdir.
Təlimat